Seçki-2024
Perspektiv planlar
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin Ucar rayonu, Bərgüşad kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin və regionun ən güclü siyasi təşkilatıdır: “Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası yarandığı gündən bəri böyük və şərəfli inkişaf yolu keçib. Bu partiya xalqa və dövlətçiliyə layiqli xidmət edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP ölkəmizin ictimai-siyasi proseslərində mühüm rol oynayır”.
Çıxış edən Ramil Həsən YAP-ın təşviqat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyasının mövqeyi cəmiyyətdə çox güclüdür və bunun da ciddi əsasları var: “Dünyada baş verən mürəkkəb proseslərin fonunda Azərbaycan sürətlə inkişaf gedir, ictimai-siyasi sabitlik tam təmin olunub. Prezident İlham Əliyevin rəhbərliyi və birinci xanım Mehriban Əliyevanın hərtərəfli dəstəyi ilə aparılan islahatlar qısa müddət ərzində öz müsbət nəticələrini göstərməkdədir. Seçicilərlə görüşdə vətəndaşlar bu məqamı xüsusi qeyd edirlər”.
Ramil Həsən Bərgüşad kəndində Şəhidlərin Xatirə lövhələrini ziyarət edib, ruhlarına dualar oxuyub.
Tədbirdə təşviqat qrupunun üzvləri Mirzalı Ağamalıyev və Bəxtiyar Yunusov çıxış ediblər. Qeyd ediblər ki, ucarlılar hər zaman ölkəmizdə dövlətçilik və dövlət siyasətinin icrasında fəal siyasi mövqe nümayiş etdiriblər.
Çıxış edən seçicilər Səməd Alıyev, Mərdan Əhmədzadə, Nəzakət Məmmədova və Arif Musayev 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd rayonun Bərgüşad kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Ağamusa Cəmil oğlu Mustafayev, Bulutxan Seyfullah oğlu Şəmiyev, Əli Durmuş oğlu Behbudov, Aprel Əşrəf oğlu Xəlullahov, Adət Əlişirin oğlu Əlihəsənov, Vətən müharibəsi şəhidləri Səbuhi Ələkbər oğlu Süleymanov və Şahı Elman oğlu Məmmədlinin ailələrini ziyarət edib.