Seçki-2024
YAP-ın qələbəsi labüddür!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xaliq Hüseynovun YAP Nəsimi rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. A.Süleymanov partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını bildirərək, partiyamızın indi də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Tədbirdə deputatlığa namizəd Xaliq Hüseynov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında məlumatlar verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından danışıb.
Xaliq Hüseynov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən seçicilər də 1 sentyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasınının namizədinə səs verəcəklərini vurğulayıblar.