Seçki-2024
Parlaq gələcəyə doğru
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 40 saylı Gəncə üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Musa Quliyevin Azərbaycan Texnologiya Universitetində Dədə Qorqud, İsax Cəfərov, Şahlar Hüseynov və Qalib Fətizadə küçələrinin sakinləri ilə görüşü keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yüksələn xətlə inkişaf etdiyini, bütün sahələrdə böyük uğurlar qazanaraq tək Cənubi Qafqazın deyil, Qərblə Şərqin qovuşuğunda yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.
Deputatlığa namizəd Musa Quliyev isə qeyd edib ki, ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq siyasi müstəvidə nüfuzu günbəgün artır: “Ölkəmiz artıq dünyanın super dövlətləri arasında baş verən münaqişələrin nizamlanmasında öz sözünü deyə bilir. Bu da onu təsdiq edir ki, Azərbaycan tarixdə heç zaman Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdəki kimi qüdrətli, güvənli olmayıb”.
Tədbir iştirakçılarından Hüseyn Budaqov, Əlimuxtar Muxtarov, Nurəddin Məmmədov, Rauf Qəmbərov və digərləri çıxış edərək bugünkü müasir və inkişaf yolunda qətiyyətlə addımlayan Azərbaycana baxdıqca qürurlandıqlarını bildiriblər. Onlar seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər də öz növbəsində çıxış edərək YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Deputatlığa namizəd Musa Quliyev, həmçinin Ə.Gəncəvi küçəsinin sakinləri ilə də görüş keçirib.