Seçki-2024
Nailiyyətlərimiz dünya üçün örnəkdir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Xasayevanın YAP Binəqədi rayon təşkilatında seçicilərlə növbəti görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Azərbaycan tarixinin şanlı səhifələri məhz Ümummilli Lider Heydər Əliyevin və ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır: “Çünki müstəqillik qazanmış dövlətimizi məhv olmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas edərək nicat yoluna çatdıran dahi şəxsiyyət Heydər Əliyevin uğurlu siyasi, milli ideoloji kursu bu gün uğurla davam etdirilir. Vətən müharibəsindəki parlaq qələbəmiz bu siyasi və ideoloji kursun təntənəsidir”.
Deputatlığa namizəd Səbinə Xasayeva çıxışında vurğulayıb ki, Ulu Öndərin uzaqgörən siyasi kursu dövlətimizi və xalqımızı daim qələbələrə aparır: “Bu gün Azərbaycanın dünyadakı rolu və mövqeyi bunu deməyə əsas verir. Ölkəmiz daha da qüdrətlənir, günü-gündən inkişaf edir, mühüm iqtisadi, siyasi layihələrin əsas iştirakçılarından biri olaraq özünün gələcək inkişafını təmin edir. Bu gün dövlət başçısı cənab İlham Əliyevin beynəlxalq arenada sahib olduğu nüfuzu və qətiyyətli mövqeyi Azərbaycanın söz sahibinə çevrilməsinə və bir çox ölkələrlə, beynəlxalq təşkilatlarla birgə münasibətlərinin ən yüksək səviyyədə qurulmasına gətirib çıxarıb”.
Çıxışının sonunda S.Xasayeva bütün seçiciləri qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə və partiyanın namizədlərinə səs verməyə çağırıb.
Tədbirdə seçicilərdən Birinci Qarabağ müharibəsi veteranı Azər Əliyev, Qarabağ Universitetinin tələbəsi Rza Lütfəliyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi zəfərini təmin edib. Bu qüruru bizlərə yaşadan cənab Prezidentin ətrafında daim sıx birləşməli, şəhid və qazilərimizə minnətdar olmalıyıq. Seçicilər qarşıdan gələn seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, deputatlığa namizəd seçicilərlə məhəllə görüşləri də keçirib.