Seçki-2024
Xocalılar seçkiyə böyük ruh yüksəkliyi ilə hazırlaşırlar
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 118 saylı Ağdam- Xocalı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Məmmədovun Xocalı şəhərindən olan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, Xocalı da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərin dirçəlişindən, bərpa və yenidən qurulmasından danışıb.
Çıxış edən deputatlığa namizəd Elman Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir: “Çünki müasir müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır”. E.Məmmədov çıxışında Böyük Qayıdış proqramı çərçivəsində Xocalıya qayıdışın keçmiş məcburi köçkünlərdə böyük ruh yüksəkliyi doğurduğunu deyib.
Tədbirdə çıxış edən Zümrüd Əzizova, Hidayət Paşayev və digərləri qeyd ediblər ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.
Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.