Seçki-2024
Regionun ən güclü siyasi partiyası
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 62 saylı Kürdəmir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Yadigar Kazımova Kürdəmir şəhərinin İslam Məmmədov və Üzeyir Hacıbəyov küçələrində seçicilərlə məhəlli görüşlər keçirib.
Görüşləri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov seçiciləri seçki prosesində fəal olmağa, regionun ən güclü siyasi partiyasının namizədini dəstəkləməyə çağırıb və deputatlığa namizəd Yadigar Kazımova haqqında seçicilərə məlumat verib.
Görüşlərdə çıxış edən deputatlığa namizəd Yadigar Kazımova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyası sınaqlardan şərəflə çıxıb, daim Azərbaycanın inkişafına xidmət edən məqsədyönlü addımlar atıb.
Yadigar Kazımova seçicilər ilə söhbət edib, onları maraqlandıran suallara cavab verib. Seçicilərdən Vətən müharibəsi şəhidi Adəm Əliyevin anası Arifə Əliyeva, Sevər Əşrəfova, Gülnar Abduləzizova bildiriblər ki, sentyabrın 1-də keçiriləcək seçkilərdə YAP-ın namizədinə səs verəcəklər.