Seçki-2024
Seçicilər dinamik inkişafı dəstəkləyirlər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Badamovun Qusar rayonu, Cibir, Piral və Yasab kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov bildirib ki, Yeni Azərbaycan Partiyası etimadın və siyasi həmrəyliyin ünvanıdır: “YAP Azərbaycanın alternativsiz siyasi gücünə, Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrilib. Bu partiya yarandığı gündən müstəqilliyin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olunması istiqamətində səylər göstərib və buna nail olub. Buna görə də YAP-ın seçkilərdə qələbəsi heç kimdə şübhə doğurmur”.
Deputatlığa namizəd Azər Badamov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin rifahına hesablanmış layihələrdən, ölkəmizin artan nüfuzundan bəhs edib.
Zəfərimizin yaratdığı reallıqların Yeni Azərbaycan Partiyasının qarşısına qoyduğu vəzifələrdən bəhs edən A.Badamov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Görüş iştirakçılarından Aslan Şəfiyev, Siraçəddin Şalbuzov, Təbrik Nurmətov, Kəmalə Əzizova və digərləri ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını diqqətə çatdıraraq daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.