Seçki-2024
Rəqibsiz partiya
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun Musaküçə, Lürən, Pircana, Yusifli kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev görüşləri açaraq qeyd edib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü, milli maraqları qoruyan uğurlu siyasəti ilə Azərbaycan hər bir hədəfə zamanında nail olur. Yeni Azərbaycan Partiyasının seçki platformasında bu dəfə də xalqın rifahı, iqtisadiyyatın gücləndirilməsi, milli maraqlar, regionların inkişafı prioritetdir.
Deputatlığa namizəd Məşhur Məmmədov isə qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən çətin günlərində sınaqlardan uğurla çıxıb, partiyanın qurucusu Ümummilli Lider Heydər Əliyev zamanında Azərbaycanı parçalanmaqdan qoruyub: “Bu gün də Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə YAP Azərbaycanın inkişafına xidmət edən məqsədyönlü addımlar atır. Son 30 ildə əldə olunan uğurlar göz qabağındadır. Bütün sahələrin inkişafı təmin edilib. Azərbaycan dünyada söz və nüfuz sahibinə çevrilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub”.
O, bütün seçiciləri seçkilərdə fəal iştirak etməyə çağırıb. Deputat seçiləcəyi təqdirdə seçiciləri ilə görüşlərin davam edəcəyini, səlahiyyətləri çərçivəsində problemlərinin həllinə çalışacağını bildirib.
Görüşdə çıxış edənlərdən Hikmət Xəlilov, Balakərim Yaqubov, Nahid Rəhimov, İnşallah Əsgərov və Məmmədağa Eynullayev YAP-ın gördüyü işləri, apardığı siyasəti dəstəklədiklərini bildiriblər. Onlar seçiciləri fəal olmağa və YAP-ın namizədinə səs verməyə çağırıblar. Onlar YAP-ı xalqın iradəsini ifadə edən rəqibsiz partiya adlandırıblar.