YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Parlaq qələbələrə doğru

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədi, YAP Sədrinin müavini Əli Əhmədov Nizami rayonunda Azərbaycan Rus İcmasını təmsil edən seçicilərlə görüşüb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov partiyanın seçki kampaniyası barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının və dəstəyinin növbəti ifadəsi olacaq.

Tədbirdə çıxış edən deputatlığa namizəd, YAP Sədrinin müavini Əli Əhmədov partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. Əli Əhmədov ölkəmizin sülhpərvər, multikultural və tolerant ölkə kimi bütün dünyada sayılıb-seçildiyini və çoxmillətli ölkə olaraq məscidlərin, kilsələrin, sineqoqların sərbəst fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti respublikamızı daim parlaq qələbələrə doğru aparır.

O, çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Tədbir iştirakçılarından YAP Nizami rayon təşkilatının təşviqat qrupunun üzvü, Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin sədri, Azərbaycanın Milli Qəhrəmanı Yuriy Kovalyovun qardaşı Vitaliy Kovalyov, Vətən müharibəsi qazisi Deniz Quzlayev, Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin İdarə Heyətinin üzvlərindən Viktoriya Klimenko, Fyodr Batyukov və digərləri çıxış ediblər. Onlar seçiciləri səsvermə günü aktiv olmağa və YAP-ın namizədinə səs verməyə çağırış ediblər.

Seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər.

Qeyd edək ki, deputatlığa namizəd Əli Əhmədov Vətən müharibəsi şəhidi Əliyev Denis Aleksandroviçin ailəsini ziyarət edib, müxtəlif ünvanlarda məhəlli görüşlər də keçirib.