Seçki-2024
Yeni qələbələrə doğru
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 115 saylı Şəki kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Niymət Yusibovun Cəfərabad kəndində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Şəki rayon təşkilatınnı sədri Daşqın Mikayılov qeyd edib ki, nümunəvi partiya olan YAP “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə parlament seçkilərinə qatılır: “Yeni Azərbaycan Partiyasının yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin əsası qoyulmuşdur. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP özünü bütün mənalarda təsdiqləyərək müasir tariximizin yeni çalarlarını özündə birləşdirməyi bacarmışdır”. Daşqın Mikayılov bildirib ki, Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğrultmuşdur. Daha sonra o, deputatlığa namizəd Niymət Yusibov haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Niymət Yusibov ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O, vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının getdikcə güclənən fəaliyyəti Azərbaycanın bundan sonra da hərtərəfli inkişafında böyük imkanlara yol açır: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir”. Daha sonra Niymət Yusibov budəfəki parlament seçkilərinin ilk dəfə bütün Azərbaycanın ərazisində keçirilməsi ilə əlamətdar olmasından bəhs edib.
Görüş iştirakçıları Gülağa Bəşirov, Musa Mustafayev və Məhəmməd Əyyubov seçiciləri uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.