Seçki-2024
YAP-ın uğurlarının arxasında xalqın inamı dayanır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nizami Səfərovun Tovuz rayonu, Aşağı Quşçu kəndində seçicilərlə görüşü keçirilib.
Görüş çərçivəsində şəhid ailələrini ziyarət edən deputatlığa namizəd Nizami Səfərov dövlətimizin bu kateqoriyadan olan vətəndaşlara diqqət və qayğısından danışıb. Bildirib ki, onların problemlərinin həll olunması dövlətin prioritet məsələlərdən biridir. Vurğulanıb ki, Azərbaycan xalqı, dövləti var olduqca, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi daim xalqın qəlbində əbədi yaşayacaq.
Parlament seçkilərinin əhəmiyyətindən danışan N.Səfərov təşviqat prosesi zamanı seçicilərin böyük ruh yüksəkliyi ilə görüşlərə gəldiklərini vurğulayıb.
Şəhid ailələri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirərək, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sonsuz sevgi və hörmətlərini ifadə ediblər, həmçinin 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.