Seçki-2024
Zəfərlər partiyası ilə qürur duyuruq
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Həbib Mirzəyevin YAP Yasamal rayon təşkilatında “H.Cavid prospekti, 520-ci məhəllə” ünvanında yaşayan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatının ən fəal və təşəbbüskar qüvvəsidir. Bildirilib ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və partiyamızın namizədinə səs verməyə çağıraraq qeyd edib ki, bu seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Ulu Öndər Heydər Əliyev yoluna sədaqətinin və Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq.
Çıxış edən deputatlığa namizəd Həbib Mirzəyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib.
Çıxışının sonunda Həbib Mirzəyev seçiciləri ən layiqli namizədə səs verməyə çağırıb.
Görüş iştirakçılarından Əyyub Kərimov, Afaq Zeynalova və Mərziyyə Nəcəfova çıxış edib. Çıxışlarda ölkəmizdə keçiriləcək seçkilərin əhəmiyyətindən bəhs edilib.
Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər və ona seçkilərdə uğurlar arzu ediblər.