Seçki-2024
Qələbələr yolu ilə!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Samir Vəliyevin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O, ölkəmizdə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə uğurların əldə edildiyini bildirib.
Görüşdə çıxış edən deputatlığa namizəd Samir Vəliyev bildirib ki, Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs İlham Əliyev cənabları trəfindən uğurla davam etdirilir. Qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amili, vətəndaşların sosial durumu dayanır.
S.Vəliyev qeyd edib ki, əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır.
Görüş iştirakçıları ölkəmizin tərəqqisi, gələcək inkişafı və firavanlıq naminə qarşıdan gələn parlament seçkilərində də hər kəsi YAP-ın namizədlərini dəstəkləməyə çağırıblar.
Deputatlığa namizəd Samir Vəliyev seçicilərlə növbəti görüşünü Nərimanov rayonu, Ü.Bünyadzadə və Y.V.Çəmənzəminli küçələrindəki ünvanlarda yaşayan seçicilərlə görüşüb.
Deputatlığa namizəd Samir Vəliyevin keçirdiyi məhəlli görüşlər zamanı seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması haqda geniş məlumat verib. Bildirib ki, qələbələr partiyası olan YAP bu seçkiyə “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə gedir. Qeyd olunub ki, ölkəmiz, dövlətimiz yeni bir dövrə qədəm qoyub və bu dönəmdə də Yeni Azərbaycan Partiyası böyük və uğurlu layihələrə imza atacaqdır.
S.Vəliyev, həmçinin, seçicilərin arzu və istəklərini dinləyib. O, hər kəsi 1 sentyabrda keçiriləcək seçki prosesində fəal iştirak etməyə çağırıb.
Məhəlli görüşlərdə seçicilərə YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıb.