Seçki-2024
Abşeronluların seçimi YAP-ın namizədidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 50 saylı Abşeron üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramid Namazovun YAP Abşeron rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.
Görüşdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, parlament seçkilərində gənclərin fəal olması olduqca vacibdir. Ölkə rəhbərliyinin hər zaman gənc nəslin inkişafına, təhsilin yüksəlişinə diqqət və qayğısını xüsusi vurğulayan Abbas Əliyev gənclərin də dövlətimizin inkişafında iştirakının mütləq olduğunu qeyd edib. Onun fikrincə, bütün siyasi kampaniyalarda olduğu kimi bu dəfə də gənclərimiz yüksək fəallıq nümayiş etdirəcək və Abşeron rayonunda seçkilərin şəffaf, demokratik və yüksək seçici aktivliyi şəraitində baş tutmasına öz töfhələrini verəcəklər.
Deputatlığa namizəd Ramid Namazov isə seçkinin mahiyyəti, dövlət və cəmiyyət üçün əhəmiyyəti haqqında məlumat verib və qeyd edib ki, seçki hüququ insan hüquqları kontekstində böyük önəm kəsb edir. R.Namazov gənclərin gələcəyimiz olduğunu diqqətə çatdıraraq, ilk dəfə səs verəcək gənclərin cəmiyyətin ictimai-siyasi həyatında fəal olmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. R.Namazov əlavə edib ki, YAP regionda yeganə siyasi təşkilatdır ki, həm gənclərin sayına, həm də cəmiyyətin aparıcı təbəqəsinə göstərdiyi diqqət və qayğıya görə liderdir.
Çıxış edən təşviqat qrupunun üzvü Vüsal Süleymanov ilk dəfə səs verəcək gəncləri əlamətdar hadisə - seçkidə iştirak münasibətilə təbrik edib. O, gəncləri 1 sentyabr seçkilərdə fəal olmağa çağırıb.
Çıxış edən ilk dəfə səs verəcək gənclər onlara xüsusi diqqət və qayğı nümayiş etdirən Yeni Azərbaycan Partiyasına öz minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, gənclər bu seçki prosesində aktiv olmalı, ilk dəfə olmasına baxmayaraq, kütləvi şəkildə məntəqələrə gedib səs verəcəklər.
Qeyd edək ki, Ramid Namazov Abşeron rayonu, Mehdiabad və Digah qəsəbələrində də seçicilərlə görüşlər keçirib.