Seçki-2024
İnamla irəli
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ülviyyə Həmzəyevanın Naxçıvan şəhəri Çənlibel məhəlləsində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə olduğu kimi, bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığını qeyd edib. E.Cəfərli bildirib ki, qısa zaman çərçivəsində xalqı ətrafına toplayaraq iqtidar partiyasına çevrilən YAP, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqləyib və Azərbaycanın müstəqilliyinin təminatçısı kimi özünü doğruldub.
Çıxış edən deputatlığa namizəd Ülviyyə Həmzəyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. O qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ülviyyə Həmzəyeva seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıb.
Görüşdə çıxış edən seçici Səadət Axundova və digərləri 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Deputatlığa namizəd Ülviyyə Həmzəyeva Naxçıvan şəhər məzarlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edərək Şəhidlər xiyabanında Ana abidəsi önünə gül dəstələri qoyub. Həmin gün Babək şəhərində şəhid Şükür Hacıyevin ailə üzvləri ilə görüşərək onlarla birlikdə şəhidin məzarını ziyarət ediblər.