Seçki-2024
YAP xalqın mənafeyinə xidmət edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 38 saylı Gəncə birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin Təbriz küçəsindəki ünvanlarda yaşayan seçiciləri ilə görüşü keçirilib.
Görüş zamanı deputatlığa namizəd Naqif Həmzəyev partiyanın seçki platforması barədə məlumat verərək qeyd edib ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan Yeni Azərbaycan Partiyası daim xalqın mənafeyindən çıxış edib: “Bunun üçün də hakim partiya bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırır”.
Deputatlığa namizəd çıxışında xüsusilə vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın və YAP-ın yaradıcısı kimi xalqımızın qəlbində silinməz izlər buraxıb: “Dahi lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın düzgün və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan qüdrətli, sarsılmaz və böyük nüfuz sahibi olan dövlət kimi dünyada tanınır və böyük uğurlara imza atır”.
Naqif Həmzəyev seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və uğurlarımızın davamı naminə ən layiqli namizədə səs verməyə çağırıb.
Öz növbəsində çıxış edən seçicilər YAP-ın namizədi Naqif Həmzəyevə səs verəcəklərini bildiriblər.