Seçki-2024
Yeni reallıqlar rifah, inkişaf və qələbələr vəd edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hikmət Məmmədovun Nərimanov rayon seçiciləri ilə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov parlament seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə məlumat verib. O, qarşıdan gələn seçkilərin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. A.Abbasov partiyanın növbəti dəfə qələbə qazanacağının şübhəsiz olduğunu qeyd edib.
Deputatlığa namizəd Hikmət Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bu gün təkcə Azərbaycanın deyil, regionun ən güclü siyasi təşkilatıdır. Qeyd edib ki, YAP yarandığı vaxtdan bu günə qədər göstərdiyi fəaliyyət sayəsində ümumxalq partiyası adını qazanmağı bacarıb.
YAP-ın fəaliyyətində varislik prinsipinə böyük önəm verdiyini deyən deputatlığa namizəd partiyanın hər zaman xalqın maraqlarından çıxış etdiyini bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb.
H.Babaoğlu həmçinin seçicilərə özünün ictimai-siyasi, elmi fəaliyyəti haqqında da məlumat verib və seçiciləri 1 sentyabr tarixində keçiriləcək parlament seçkilərində fəal olmağa çağırıb.
Görüş iştirakçıları parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədi Hikmət Məmmədova səs verəcəklərini bildiriblər.