Seçki-2024
Xalqın YAP-a inamı böyükdür
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 71 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Malik Həsənovun Cəlilabad rayonunda seçicilərlə növbəti görüşü keçirilib.
Görüşdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı çıxış edərək bildirib ki, Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının müstəsna rolu və önəmli payı vardır: “YAP suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəflərinin həyata keçirilməsinə də öz töhfələrini vermək üçün daha böyük səylə çalışır”.
Deputatlığa namizəd Malik Həsənov qeyd edib ki, bu gün insanların yüksək fəallığından da göründüyü kimi, Yeni Azərbaycan Partiyasına xalqın inamı və etimadı böyükdür: “Hər bir seçkinin nəticələri bu etimadın daha da artdığını təsdiqləyir. Çünki YAP yarandığı gündən Azərbaycanın daha da güclənməsinə, beynəlxalq nüfuzunun artmasına, xalqın rifahının daha da yüksəlməsi üçün əzmlə çalışır. Partiyanın qəbul etdiyi hər bir qərarın Azərbaycanın uğurlu gələcəyinə xidmət etməsi onun cəmiyyətdə rolunu artırır, mövqeyini daha da möhkəmləndirir”. Deputatlığa namizəd çıxışında bütün seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Tədbirdə çıxış edən seçicilərdən Xaliq Muxtarov, Nəzakət Nəzərli, Vüqar Mirzəyev, Əfrahim Hüseynov, Tərlan Balışov, Fariz Zeynalov, Yeganə Rzayeva, Cəlil Abdullayev, Günel Məmmədova və digərləri parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.