Seçki-2024
İnkişaf və tərəqqi siyasəti
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev giriş sözü ilə açaraq qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib və ölkəmiz bu əsasda inkişaf edir: “Prezidentimiz İlham Əliyev bu siyasəti yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirir. Ona görə də, bütün sahələrdə möhtəşəm nailiyyətlər qazanılıb. Vətəndaşlarımız da, təbii ki, bütün seçkilərdə inkişaf və tərəqqi siyasətinə, yəni Heydər Əliyev siyasətinə səs verirlər”.
Deputatlığa namizəd Səyyad Salahlı YAP-ın seçki platforması barədə məlumat verib. O, Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə yekun vuraraq yeni dövrə qədəm qoyduğunu qeyd edib. Bildirib ki, seçkilərin bütün ölkə ərazisində keçirilməsi müasir dövlətçilik tariximizin qürurverici səhifəsidir.
Görüşdə təşviqat qrupunun üzvü Elnur Tağıyev və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər də YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.