Seçki-2024
“Dünənin, bu günün və gələcəyin partiyası yeni qələbə əzmindədir!”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Naib Hacıyevin YAP Sumqayıt şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan danışıb. O, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə xidmət edən partiya olduğunu vurğulayıb.
Deputatlığa namizəd Naib Hacıyev YAP-ın seçki platforması barədə məlumat verib, yeni dövrdə qarşıya qoyulmuş hədəflər barədə danışıb. O, ərazi bütövlüyü və suverenliyi bərpa olunan Azərbaycanın regionun lider dövləti kimi yeni nailiyyət və zəfərlər qazanacağına əminliyini ifadə edib.
Görüşdə çıxış edən seçicilər inam və etimad ünvanı olan YAP-ın namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər. “Dünənin, bu günün və gələcəyin partiyası yeni qələbə əzmindədir!”, - deyə vurğulanıb.