Seçki-2024
YAP ümumxalq partiyasıdır
2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının Samux rayonunun Hacallı kəndinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Samux şəhər təşkilatının sədri Gündüz Bayramov partiyanın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını vurğulayıb. O, YAP-ın zəngin və şərəfli inkişaf yolu keçərək ümumxalq partiyasına çevrildiyini vurğulayıb.
Deputatlığa namizəd Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyasının seçki platforması barədə məlumat verib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə Azərbaycanın əldə etdiyi möhtəşəm uğurlardan bəhs edərək vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan sürətlə inkişaf edib və ərazi bütövlüyünü bərpa edərək milli gücünü artırıb.
M.Qurbanlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.