Seçki-2024
Zəngin və şərəfli inkişaf yolu...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məcisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Samir Vəliyevin YAP Nərimanov rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov bildirib ki, xalqın dəstəyi Yeni Azərbaycan Partiyasının davamlı uğurlar qazanmasını və müstəqil dövlət quruculuğunun həyata keçirilməsini mümkün edib.
Deputatlığa namizəd Samir Vəliyev YAP-ın seçki platforması haqqında məlumat verib. O, Azərbaycanın son 30 ildə zəngin və şərəfli inkişaf yolu keçdiyini qeyd edib: “Heydər Əliyev siyasəti xalqımıza ən dəyərli milli sərvətimiz olan Azərbaycanın dövlət müstəqilliyini bəxş etmiş, ölkəmizin siyasi, demokratik və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, dünyada sözünə etibar edilən və mövqeyinə hörmətlə yanaşılan güclü dövlətə çevrilməsini şərtləndirmişdir. Bu gün qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında – sözü imzası qədər dəyərli olan Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla inkişaf edir, müəyyənləşdirilən bütün hədəflər reallığa çevrilir”.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri seçkilərin əhəmiyyətinə toxunaraq seçiciləri fəal olmağa və YAP-ın namizədinə səs verməyə çağırıblar.