Seçki-2024
YAP xalqın etimad ünvanıdır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Gülgün Kərimovun YAP Ağstafa rayon təşkilatının qərargahında rayon ağsaqqalları və ziyalıları ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, YAP tarixi zərurətdən yaranaraq, qısa zamanda ümumxalq partiyasına çevrilib: “Yarandığı dövrdən bu günə qədər Yeni Azərbaycan Partiyası yalnız Azərbaycanın tərəqqisi naminə çalışır. 32 ilə yaxındır ki, partiya Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə yorulmadan fəaliyyət göstərir”.
Çıxış edən deputatlığa namizəd Gülgün Kərimov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, seçkilərdə Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasını təmsil etmək həm məsuliyyətli, həm də şərəflidir.
Gülgün Kərimov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Görüşdə, həmçinin təşviqat qrupunun üzvləri – Hüseyn Hüseynov, Alı Mehdiyev və Arif Muradov çıxış ediblər. Qeyd olunub ki, YAP siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır. Çıxış edənlər seçiciləri parlament seçkilərində fəal olmağa və YAP-ın namizədinə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər – şəhid valideynləri Elsevər İmaməliyev, Aydın Mehtiyev və Ağstafa rayon Ağsaqqallar Şurasının üvzü Vidadi Həsənov parlament seçkilərində fəal olacaqlarını, YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Gülgün Kərimov Ağstafa şəhərinin Eyvaz Qələmçəli küçəsində məhəllə görüşü də keçirib. Görüşdə seçicilərin müraciətləri dinlənilib və onlara YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıb.