Seçki-2024
Cəbrayıl seçiciləri YAP-ın namizədinə səs verəcəklər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Saatlı rayonu Əlisoltanlı qəsəbəsində cəbrayıllı seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev bildirib ki, YAP yüksək nüfuza malik aparıcı siyasi qüvvədir. O, YAP-ın milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını diqqətə çatdıraraq, seçiciləri partiyanın namizədinə səs verməyə çağırıb.
Deputatlığa namizəd Ceyhun Məmmədov Yeni Azərbaycan Partiyasının seçki platformasından danışıb. O bildirib ki, “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə növbədənkənar parlament seçkilərində iştirak edən partiyasının seçki platformasında uğurlarımız və qarşıda dayanan hədəflər seçicilərə təqdim edilir: “Daim Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsində, xalqın yüksək rifah şəraitində yaşamasında maraqlı olan, bunu atdığı addımları ilə təsdiqləyən YAP-ın seçki platforması bir daha bu məqsədinə işıq salır”.
C.Məmmədov yeni dövrün hədəflərini gerçəkləşdirmək üçün seçiciləri 1 sentyabr-parlament seçkilərində fəal olmağa, səsvermə hüquqlarından istifadə edərək YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini və səs verəcəklərini vurğulayıblar.