Seçki-2024
Astaralıların seçimi YAP-ın namizədidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudovun YAP Astara rayon təşkilatında şəhid ailələri və qazilərlə görüşü keçirilib.
Tədbirdən öncə şəhid ailələri ilə birlikdə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin heykəlinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin abidəsinin qarşısına tər güllər düzülüb, əziz xatirələri ehtiramla yad edilib.
Görüşdə çıxış edən YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, gələcək hədəf və perspektivlərdən, xalqın Yeni Azərbaycan Partiyasına yüksək inam və etimadından danışıb. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu zamana qədər Azərbaycanın yüksəlişində müstəsna rol oynayıb, bundan sonra da qarşıda duran milli hədəflərin reallaşmasına öz töhfələrini verəcək.
Deputatlığa namizəd Rəşad Mahmudov isə çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında məlumat verib. Rəşad Mahmudov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarix yazır: “Əldə olunan böyük qələbələrin nəticəsidir ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçiriləcək”.
Tədbirdə şəhid ataları Kamran Kazımov, Xəyyam Cahangirov, Həsrət Dadaşov, şəhid anası Hədiyyə Hüseynova çıxış edərək vurğulayıblar ki, Yeni dövrə Yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal iştirak edərək YAP-ın namizədinə səs verəcəklər.
Sonra Deputatlığa namizəd Rəşad Mahmudov Şümrüd, Dırüyə, Sım kəndlərində seçicilərlə görüşüb.