YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gənc seçicilər YAP-ın namizədini dəstəkləyirlər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 86 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Rzayevin YAP Ağcabədi rayon təşkilatının qərargahında gənclər, o cümlədən idmançı və tələbə seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq YAP-ın  seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlara uyğun yeni hədəflərə çatmaq üçün qarşıda mühüm vəzifələrin durduğunu vurğulayıb.

Çıxış edən deputatlığa namizəd Tahir Rzayev qeyd edib ki, ölkəmiz bu gün özünün ən böyük yüksəliş dövrünü yaşayır: “Bütün bu nailiyyətlərin bünövrəsi Ulu Öndər Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərlik etdiyi dövrdə qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ulu Öndər Heydər Əliyev siyasətinin müasir çağırışlara uyğun olaraq inkişaf etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin möhtəşəm fəaliyyətinin zirvə nöqtəsini isə 30 il erməni işğalı altında qalmış torpaqların azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası təşkil edir. İndi Azərbaycanın bütün seçiciləri ilk dəfə olaraq respublikamızın bütün ərazisində Milli Məclisə seçkilərdə öz səsvermə hüquqlarından istifadə edəcəklər”.

Görüşdə gənclər adından Şükufə Novruzova, Vüsalə Süleymanova, tələbələrdən Nərgiz Allahverdiyeva, idmançılar adından Tapdıq Əkbərov çıxış edərək parlamentə seçkilərdə gənclərin ölkəmizin xoşbəxt gələcəyi naminə YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə başa çatıb.

Qeyd edək ki, görüşü ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının üzvləri izləyiblər.