Seçki-2024
YAP şərəfli yol keçib
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanovun Qəbələ rayonunun Mıxlıqovaq, Yemişanlı, Kötüklü, Solquca, və Uludaş kəndindən olan seçicilərlə görüşü keçirilib.
Görüşlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan söhbət açıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizin tarixi nailiyyətlərə imza atdığı vurğulanıb, bu uğurların zirvəsində möhtəşəm Zəfərimizin dayandığı qeyd olunub.
O, deputatlığa namizəd Eyvaz Qurbanovun haqqında seçicilərə məlumat verib. Qələbələrin davamı naminə sentyabrın 1-də keçiriləcək parlament seçkilərində seçiciləri YAP-ın namizədini dəstəkləməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə və dinamik şəkildə inkişaf edir: “Ölkəmizdə bütün sahələrdə islahatlar aparılır. Azərbaycan iqtisadiyyatı böyük templə inkişaf edir, ölkəmiz daha da qüdrətlənir”. Qeyd olunub ki, 1993-cü ildən partiyamız ölkəmizdə keçirilən bütün seçkilərdə qalib olduğu kimi, bu dəfə də seçkilərə yüksək səviyyədə hazırlaşıb və qələbə əzmindədir.
Tədbirlərdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Ceyhun Kərimov, İlkin Lətifov, Mıxlıqovaq kənd sakinləri Bəhram Ağakişiyev, şəhid anası İradə Mikayılova, Yemişanlı kənd sakinləri Eldar Daşdıyev, Ədalət Əliyev və digərləri çıxış ediblər. Qeyd ediblər ki, YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması, beynəlxalq münasibətlər sistemində ölkəmizin layiqli təbliğatı təşkil edir. Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər 1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə səs verəcəklərini ifadə ediblər.