Seçki-2024
“Seçimimiz dəyişməzdir!”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin YAP Ucar rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. O vurğulayıb ki, məqsədyönlü siyasət ölkəmizin qarşısında yeni perspektivlərin açılmasına şərait yaradıb: “Xüsusilə də, dövlət başçısının rəhbərliyi ilə sosial sahədə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilməsi vətəndaşların rifah halının gündən-günə daha da yaxşılaşmasına səbəb olur”.
Deputatlığa namizəd Ramil Həsən YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, parlament seçkiləri suverenliyini tam təmin etmiş Azərbaycanın əhəmiyyətli və taleyüklü dövrünə təsadüf edir: “Artıq Azərbaycan güclü dövlətə çevrilib, regionda və dünyada öz sözünü deyir. Eyni zamanda, ölkəmizdə ötən illər ərzində çox böyük işlər görülüb. Hazırda Prezident İlham Əliyevin təşəbbüsü ilə mühüm islahatlar həyata keçirilir. İctimai həyatın elə bir sahəsi yoxdur ki, orada islahatlar getməsin və müsbət dəyişikliklər olmasın”.
Tədbirdə təşviqat qrupunun üzvləri Mirzalı Ağamalıyev və şəhid atası Əli Vəliyev də çıxış ediblər. Qeyd olunub ki, Ucar seçiciləri inkişaf siyasətini dəstəkləyir və Prezident İlham Əliyevin siyasi kursunu təqdir edirlər. Onlar seçimlərinin Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində böyük inkişaf yolu keçmiş Yeni Azərbaycan Partiyasının namizədi olduğunu ifadə ediblər.
Çıxış edən seçicilər Səidə Ələkbərova, Elman Xəlilov və digərləri YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Deputatlığa namizəd Ramil Həsən Vətən müharibəsi şəhidi mayor Elnur Hacıyevin ailəsini də ziyarət edib.