Seçki-2024
“YAP-ın namizədinə etimad göstərəcəyik”
2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hicran Hüseynovanın seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Sumqayıt şəhər təşkilatının sədr müvini Cavid Məmiyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını vurğulayaraq partiyanın parlament seçkilərində qalib gələcəyinə inamını ifadə edib.
Deputatlığa namizəd Hicran Hüseynova YAP-ın seçki platforması barəsində məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışaraq, ölkənin milli gücünün daha da artdığını və qarşıda duran bütün hədəflərin inamla gerçəkləşdiriləcəyini qeyd edib. H.Hüseynova YAP-ın xalqın mənafeyini qoruyan və milli tərəqqi yolunda çalışan aparıcı siyasi qüvvə olduğunu vurğulayıb.
Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Görüşdə təşviqat qrupunun üzvləri Təranə Rəcəbli, Hümbət Quliyev, Sahib Şamilov və digərləri YAP-ın ölkəmizə qazandırdığı nailiyyətlərdən bəhs edərək seçiciləri partiyanın namizədinə dəstək verməyə çağırıblar.
Seçicilər YAP-ın xalqa layiqli və şərəfli xidmətini yüksək qiymətləndirərək partiyanın namizədinə səs verəcəklərini bildiriblər.