Seçki-2024
“İnkişafın Azərbaycan nümunəsi inkaredilməz reallıqdır”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Mirzəzadənin Mingəçevir şəhərində seçicilərlə görüşləri keçirilib.
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bu gün YAP-ın sıralarında 700 mindən çox üzvün birləşdiyini və bu faktın Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisi olduğunu deyib.
Deputatlığa namizəd Aydın Mirzəzadə əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə inkişaf yoluna qədəm qoyan Azərbaycanın son illər ərzində cənab İlham Əliyevin rəbhərliyi ilə yeni-yeni zəfərlərə imza atdığını söyləyib. A.Mirzəzadə qazanılan uğurların təməlində xalq-iqtidar birliyinin dayandığını qeyd edib. Namizəd Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə çatacağına - yeni zirvələr fəth edəcəyinə əminliyini ifadə edib. “İnkişafın Azərbaycan nümunəsi inkaredilməz reallıqdır”, - deyə vurğulanıb.
Aydın Mirzəzadə çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Ədalət Quliyeva, Hüseyn Həşimov və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.
Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr – növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.