Seçki-2024
“Yeni zirvələrə birlikdə addımlayaq”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadənin YAP Quba rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova ölkəmizdə müşahidə olunan inkişafın Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı - Prezident İlham Əliyev tərəfindən aparılan kompleks və sistemli islahatlar nəticəsində əldə olunduğunu söyləyib. F.Hüseynova Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən mükəmməl iqtisadi strategiyanın ölkəmizi yüksək inkişaf yoluna çıxardığını bildirib.
Deputatlığa namizəd Əlibala Məhərrəmzadə YAP-ın seçki platforması barədə məlumat verib. O bildirib ki, Azərbaycanın inkişafını təmin edən məqsədyönlü siyasət xalqın Yeni Azərbaycan Partiyasına inam və etibarının daha da möhkəmlənməsinə yol açıb: “Xalqımız davamlı müsbət dəyişiklikləri öz həyatında hiss edir. Respublikamızın bütün bölgələrində olduğu kimi, Qubada da önəmli işlər görülür və müsbət nəticələr göz önündədir”.
Görüşdə çıxış edənlər - İlham Qaraqurbanlı, Laçın Səfərəliyev, Elza Orucova, Babakişi Quliyev, Ramiz Həmzəyev və başqaları ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın qələbə qazanacağına əminliklərini bildiriblər. “Yeni Azərbaycan Partiyasına bir daha etimad göstərək - yeni zirvələrə birlikdə addımlayaq”, - deyə çağırış edilib.
Seçicilər sentyabrın 1-də YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, deputatlığa namizəd Əlibala Məhərrəmzadə rayonun Şuduq, Növdün və İqriq kəndlərində də seçicilərlə görüşüb, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun ailəsini ziyarət edib.