YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“YAP-ın namizədlərinə səs verək!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlının Şabran rayonunun Ağalıq, Təzəkənd, Söhbətli, Daşlıyataq, Dağbilici və Mumlu kəndlərinin  seçiciləri ilə görüşü keçirilib.

Görüşləri giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov vurğulayıb ki, YAP-ın tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir: “Çünki müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən YAP ilə bilavasitə bağlıdır”.

M.Balabəyov deputatlığa namizəd Mahir Süleymanlı haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd M.Süleymanlı əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, YAP-ın çoxşaxəli fəaliyyəti ölkədaxili ictimai-siyasi münasibətlərdə fəal iştirakla məhdudlaşmır, eyni zamanda, beynəlxalq məzmun, xarakter və əhəmiyyət daşıyır. M.Süleymanlı qeyd edib ki, YAP-ın arxada qoyduğu möhtəşəm 32 ilə yaxın dövrə nəzər yetirsək, qürur hissi ilə vurğulaya bilərik ki, YAP qüdrətli siyasi təşkilat olmaqla Azərbaycanın dövlətçilik maraqlarının qətiyyətli və etibarlı müdafiəçisidir.

Deputatlığa namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvü Şəfiqə Məmmədova və digərləri çıxış ediblər. Qeyd olunub ki,  YAP yarandığı bugünə qədər zəngin siyasi yol keçib, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında böyük tarixi rol oynayıb.

Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, deputatlığa namizəd M.Süleymanlı rayonun Ağalıq kəndində Vətən müharibəsi şəhidi Vüsal Xəyyam oğlu Mahmudovun ailəsini, Dağbilici kəndində isə antiterror əməliyyatları zamanı şəhid olmuş Sahil Əhliman oğlu Aslanovun ailəsini ziyarət edib.