Seçki-2024
YAP xalqın dəstəyi ilə yenə də qələbə qazanacaq
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 52 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlham Məmmədovun YAP Yevlax rayon təşkilatının qərargahında rayon ağsaqqalları və ziyalıları ilə görüşü keçirilib.
Əvvəlcə görüşdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Azərbaycanın Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə dinamik inkişaf yolunda irəlilədiyini deyib. Qeyd olunub ki, əldə olunan nailiyyətlər Azərbaycanın regionun lider dövlətinə çevrilməsini, dünyada qalib və qüdrətli ölkə kimi tanınmasını şərtləndirib: “Hazırda qarşıda dayanan əsas məqsəd isə növbəti milli hədəflərin gerçəkləşdirilməsidir”.
YAP-ın namizədi İlham Məmmədov çıxışında Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində misilsiz xidmətlərindən danışıb. İ.Məmmədov partiyanın sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində xalqın dəstəyi və etimadı əsasında növbəti dəfə möhtəşəm qələbə qazanacağını əminliklə vurğulayıb.
Görüş çərçivəsində çıxış edən seçicilər də öz növbəsində 1 sentyabr - parlament seçkilərində fəal iştirak edəcəklərini, həmçinin YAP-ın namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.