Seçki-2024
YAP-ın qələbəsi labüddür
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev rayonun Şambul və Gərəkli kəndinin seçiciləri ilə görüş keçirib.
Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədr müavini Qurban Qaraisayev YAP-ın alternativsiz siyasi qüvvə olduğunu və Azərbaycanın siyasi arenasında özünəməxsus yer tutduğunu ifadə edib.
Tədbirdə çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, Prezident İlham Əliyev ölkənin sürətli inkişafına nail olub: “Bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Əhalinin sosial rifah halının daha da yüksəldilməsi üçün ardıcıl şəkildə sosial proqramlar həyata keçirilir. Bütün bu uğurlar parlament seçkilərində YAP-ın qələbəsini labüd edir”.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Maqsud Bazarov, Xanım Zurnayeva, Ömər Zurnayev və digərləri çıxış edərək seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. Onlar YAP-ın bu gün cəmiyyətdə artan nüfuzundan, xalqın inamından və etimadından bəhs ediblər.
Çıxış edən seçicilər YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, deputatlığa namizəd N.Məhəməliyev rayonun Salban kəndinin seçiciləri ilə də görüş keçirib.