Seçki-2024
YAP xalqın etimadını doğruldur
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Mirzəzadənin Mingəçevir şəhərində müxtəlif ünvanlarda yaşayan seçicilər ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Azərbaycanın bundan sonra da demokratik dövlət quruculuğu, sabit sosial-iqtisadi inkişaf yolu ilə irəliləyəcəyini bildirib. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində ölkəmizin qazandığı uğurlar Azərbaycanı dünyada söz sahibi olan dövlətə çevirib.
Çıxış edən deputatlığa namizəd Aydın Mirzəzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini deyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımların Azərbaycanın qüdrətinin artmasını şərtləndirdiyini diqqətə çatdırıb.
Təşviqat qrupunnu üzvləri Lalə Əliyeva, Sevinc Həsənova və digərləri yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP-ın daim xalqın mənafeyindən çıxış etdiyini deyiblər.
Seçicilər də YAP-ın xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına dəyərli töhfələr verdiyini bildiriblər.