Seçki-2024
Tarixi nailiyyətlər, mütərəqqi hədəflər...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fərhad Baxışovun Neftçala rayonu, Xolqaraqaşlı kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev VII çağırış Milli Məclisə keçiriləcək seçkiləri müstəqillik və parlamentarizm tarixinin ən əlamətdar hadisələrindən biri adlandırıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə qatılıb, bu da YAP-ın siyasi sisteminin aparıcı qüvvəsi olduğunu bir daha təsdiq edir.
Çıxış edən deputatlığa namizəd Fərhad Baxışov bildirib ki, Ulu Öndər Heydər Əliyev bugünkü Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, həm də haqlı olaraq müasir Azərbaycan parlamentinin banisi sayılır: “Heydər Əliyev ideyalarından bəhrələnən Azərbaycan bu gün bütün sahələrdə qazandığı uğurları ilə dünyanı heyrətləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan şanlı Zəfər isə həm də Azərbaycanın qlobal liderliyini möhkəmləndirir. Əminəm ki, xalqımız Yeni Azərbaycan Partiyasının tarixi nailiyyətlərini hər zaman yüksək qiymətləndirəcəkdir”.
Çıxış edən şəhid ataları Təhmasib Məlikov, Azər Abbasov və təşviqat qrupunun üzvləri Prezidentin verdiyi bütün vədləri yerinə yetirdiyini, YAP-ın seçki platformasında gələcək üçün mütərəqqi hədəflər müəyyən olunduğunu bildiriblər. Onlar bütün seçiciləri YAP-ın deputatlığa namizədi Fərhad Baxışova səs verməyə çağırıblar.