YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçicilərin doğru seçimi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 99 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın YAP Bərdə rayon təşkilatının qərargahında gənclər, idmançılar, Şorəlli kəndində seçicilər ilə görüşləri keçirilib.

Görüşlərdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov qeyd edib ki, Prezident İlham Əliyevin müdrik siyasəti və rəşadətli Azərbaycan Ordusu parlaq Qələbəmizi təmin edib. Bu gün Azərbaycan uğurla inkişaf edərək regionun lider dövlətinə çevrilib. Bütün sahələrdə böyük uğurlar əldə edilməkdədir.

Çıxış edən deputatlığa namizəd Fatma Yıldırım qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarix yazır. Əldə olunan böyük qələbələrin nəticəsidir ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçiriləcək.

Görüşlərdə çıxış edən şəhid anası Mehparə Qəribova əminliklə söyləyib ki, əldə olunan tarixi nailiyyətlərə görə seçicilər parlament seçkilərində bir daha YAP-a etimad göstərəcəklər.

Seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. Qeyd olunub ki, YAP-ın namizədlərinə səs vermək rifah və tərəqqini seçməkdir.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, deputatlığa namizəd həmin gün Şorəlli kəndində seçicilərlə fərdi görüşlər də keçirib.