Seçki-2024
Böyük qələbələrə doğru
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd Ramil Həsən YAP Ucar rayon təşkilatının qərargahında şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları ilə, həmçinin Rəstəcə və Gəraybəyli kəndlərinin seçiciləri ilə görüşlər keçirib.
Görüşləri giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, budəfəki parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının qələbə qazanacağı şübhəsizdir.
Daha sonra çıxış edən Ramil Həsən xalqın Prezident İlham Əliyevə inandığını, öz taleyini ona etibar etdiyini deyib. Məhz bu inam sayəsində xalq-iqtidar birliyinin həlledici amilə çevrildiyi qeyd olunub. R.Həsən dövlətimizin bugünkü qüdrəti və tərəqqisinin Ümummilli Lider Heydər Əliyevin siyasi ideyalarının, Prezident İlham Əliyevin siyasi iradəsinin və qətiyyətinin nəticəsi olduğunu bildirib.
Tədbirdə təbliğat-təşviqat qrupunun üzvləri şəhid atası Əli Vəliyev, Mirzalı Ağamalıyev və Yusif Məmmədov çıxış edərək səsvermə hüququ olan bütün vətəndaşlarımızı seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər Rahib Rəsulov, Əbülfəz Qafarov və Ənvər Rəhimov vurğulayıblar ki, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal olacaq və YAP-ın namizədlərinə səs verəcəklər.
Görüşdə seçicilərin sualları cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib.
Qeyd edək ki, Ramil Həsən Ucar rayonunun 20 Yanvar küçəsində məhəlli görüşlər də keçirib.