Seçki-2024
“YAP-ın namizədinə səs verəcəyik!”
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Muradov Xəzər rayonu ərazisində məskunlaşmış laçınlı seçicilərlə görüşüb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının məsləhətçisi Kənan Quliyev bildirib ki, ölkəmizin siyasi həyatında aparıcı rol oynayan YAP-ın yaranması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Bu gün Heydər Əliyev siyasətinin ən layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır. Cənab İlham Əliyev bütün sahələrdə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu sübut etməklə yanaşı yeni reallıqların da müəllifidir.
Çıxış edən deputatlığa namizəd Rövşən Muradov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ideyalarından güc alan YAP ölkə qarşısında duran problemləri həll etməyə, xalqımızı xoşbəxt gələcəyə aparmağa qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir partiyadır. Partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin təbirincə desək: “Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır”.
Rövşən Muradov qeyd edib ki, Ümummilli Liderimizin dediyi bu fikir real həyatda və dövlətimizin inkişafında əyani surətdə öz təsdiqini tapır.
Görüşdə təşviqat qrupunun üzvü Murad Hüseynov, Süleyman İbrahimov, Samir Həsənov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə istənilən sahədə ciddi nailiyyətlər qazanıldığını və böyük Zəfərimiz hər kəs üçün milli qürur mənbəyinə çevrildiyini vurğulayıb.
Seçicilər çıxışlarında qeyd ediblər ki, YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Muradova səs verəcəyik.
Görüşdən sonra deputatlığa namizəd Rövşən Muradov Abşeron rayonu, Masazır qəsəbəsində məskunlaşan laçınlı seçicilərlə də fərdi görüş keçirib.