Seçki-2024
Qələbədən qələbəyə doğru
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 115 saylı Şəki kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Niymət Yusibovun Şəki rayonu, Baş Zəyzid kənd tam orta məktəbinin akt zalında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov qeyd edib ki, Yeni Azərbaycan Partiyası “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə parlament seçkilərinə qatılır: “YAP zamanın tələbi, xalqın istəyi ilə yaranıb. Bu partiya bütün sınaqlardan şərəflə çıxıb, ilk gündən xalqın partiyası kimi nüfuz qazanıb. Bu amillər Yeni Azərbaycan Partiyasını uğurdan uğura, qələbədən qələbəyə doğru aparır”.
D.Mikayılov əminliklə qeyd edib ki, Yeni Azərbaycan Partiyası bundan sonra da uğurlu fəaliyyətini davam etdirəcək. Daha sonra o, deputatlığa namizəd Niymət Yusibov haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Niymət Yusibov ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir.
Tədbir iştirakçılarından Rəcəbalı Həmidov, Ələkrəm Məmmədov və digərləri çıxış ediblər.
Seçicilər parlament seçkilərində YAP-ın namizədinə səs verəcəyini vurğulayıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.