Seçki-2024
İnkişaf və modernləşmə yolu
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 86 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Rzayevin Ağcabədi rayonu, Köyük və Şahsevən kəndlərində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşləri YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov açaraq Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını seçicilərin nəzərinə çatdırıb. N.Bünyatov YAP-ın bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq, partiyanın növbəti parlament seçkilərinə də ciddi hazırlaşdığını və həmişəki kimi uğur qazanacağına əminliyini ifadə edib.
Deputatlığa namizəd Tahir Rzayev çıxışında seçicilərə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurları, ölkəmizin sosial-iqtisadi tərəqqisi, hərbi gücü və müdafiə qabiliyyəti, təhlükəsizliyi barədə danışıb. Qeyd olunub ki, Azərbaycan regionda yeni reallıqlar yaradıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb.
Deputatlığa namizəd Tahir Rzayev çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Seçicilər adından çıxış edən Köyük kənd sakinləri Nuru Bağırov, Akif Əliyev, Şakir Quluyev, Şahsevən kəndində isə Novruz Əhmədov, Nazilə Muradova və digərləri çıxış edərək arzu və istəklərini bildiriblər. Onlar növbəti parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Görüşlər Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.