Seçki-2024
Qalibiyyət ovqatında...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 114 saylı Şəki şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar İskəndərovun Şəki Dövlət Dram Teatrında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov Azərbaycanın siyasi həyatında tamamilə yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoyan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan bəhs edib. O, vurğulayıb ki, son illər dünyada baş verən iqtisadi böhrana baxmayaraq ölkəmizdə bütün sahələr sürətlə inkişaf edir. Vətəndaşlar azad, demokratik bir ölkədə yaşadığı üçün qürur duyur və yaxşı bilirlər ki, bu gün baş verən müsbət meyilli proseslər onların xoşbəxt gələcəyi üçün zəmin olacaq.
Çıxış edən deputatlığa namizəd Vüqar İskəndərov Azərbaycanın dövlətçilik tarixində mühüm yerə, ölkəmizdə siyasi mədəniyyətin formalaşması və inkişafı prosesində əhəmiyyətli rola malik olan YAP-ın seçki platforması haqqında məlumat verib. O, bildirib ki, dövlətimiz inkişaf etdikcə, bütün sahələrin tərəqqisinə geniş imkanlar açılır, Azərbaycan beynəlxalq aləmdə geniş miqyasda tanınır.
V.İskəndərov qeyd edib ki, budəfəki parlament seçkiləri Azərbaycanın bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Pərvanə İskəndərova, Ağaəli Cəlilov, Elxan Abdullayev və Sahib Abdulkərimov çıxış ediblər. Qeyd olunub ki, YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətin, cəmiyyətin inkişafı, onun qüdrətinin daha da artması, beynəlxalq münasibətlər sistemində ölkəmizin layiqli təbliğatı təşkil edir.
Çıxış edən seçici Elşən Zəkəryəbəyli də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.