Seçki-2024
YAP gənclərin seçimidir
Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı Tovuz seçki dairəsindən namizədliyi irəli sürülmüş Milli Məclisin deputatı Nizami Səfərov YAP Tovuz rayon təşkilatında ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.
YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxışında Milli Məclisə seçkilərin müstəqillik tarixində ilk dəfə olaraq Qarabağla bütövləşmiş Azərbaycanın hər yerində keçiriləcəyini diqqətə çatdırıb. O, Ulu Öndər Heydər Əliyevin hər zaman milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, sağlam gəncliyin yetişməsinə xüsusi diqqət yetirdiyini, bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirildiyini vurğulayaraq bu gün də gənc nəslin xalqımıza məxsus zəngin milli-mənəvi dəyərlər əsasında yüksək vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində uğurlu dövlət siyasəti həyata keçirildiyini, bu seçkilərdə də gənclərimizin YAP-ın namizədini dəstəkləyəcəklərini bildirib.
Deputatlığa namizəd Nizami Səfərov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək tovuzlu gənclərin I Qarabağ müharibəsində, Tovuz döyüşlərində, Vətən müharibəsində könüllü döyüşlərə qatıldıqları, şücayətlik göstərdiklərini və hər zaman dövlət başçımız, YAP-ın Sədri, Prezidentimiz İlham Əliyevin ətrafında və arxasında olduqlarını bildirib.
Daha sonra görüş zamanı çıxış edən gənc seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.