Seçki-2024
Böyük qələbə əzmi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 6 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadənin Culfa rayonu, Yaycı, Dizə, Şurud və Gal kəndlərində seçicilərlə görüşləri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşlərdə YAP Culfa rayon təşkilatının sədr müavini Ədalət Əhmədov Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı möhtəşəm zəfərlərdən bəhs edib. Bildirib ki, bu Zəfərlərin qarşıya qoyduğu hədəflər seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan YAP-ın seçki platformasında öz əksini tapıb.
Ədalət Əhmədov seçicilərə deputatlığa namizəd Vüqar Rəhimzadə haqqında məlumat verib.
Deputatlığa namizəd Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, YAP yarandığı gündən Azərbaycanın uğurlu gələcəyi üçün çalışır və bunu atdığı addımlarla, irəli sürdüyü təşəbbüslərlə təsdiqləyir: “YAP-ın seçki platformasında qeyd edilən uğurlarımız və hədəflər güclü lider və düşünülmüş siyasət amillərinin hər bir ölkənin inkişafında əsas faktor olduğunu nümayiş etdirir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə başlayan inkişaf, tərəqqi yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasını təmin edib. Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyub”.
V.Rəhimzadə seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Tədbirdə təşviqat qrunun üzvləri Fərəc Fərəcov, Qurban Qurbanov, Xanım Tağıyeva, şəhid atası Ramiz Hüseynov, seçici Əli Əliyev və başqaları çıxış edərək Azərbaycanı daim zəfərlərə aparan Heydər Əliyev siyasətinə xalqın inamından və etimadından danışıblar. Qeyd ediblər ki, YAP daim seçkilərə böyük qələbə əzmi ilə qatılır.
Çıxış edənlər seçiciləri seçkilərdə yüksək fəallıq nümayiş etdirməyə, YAP-ın namizədlərinə səsləri ilə dəstək olmağa çağırıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Vüqar Rəhimzadə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Yayçı kəndindən olan şəhidlər Daşqın Rzalı, Sahib Məmmədov, Rəşad Hüseynli və Sənan Məmmədovun məzarlarını, şəhid Məzahir Nəcəfovun büstünü və kənddəki “Şəhidlər bulağı”nı ziyarət edib.