Seçki-2024
Gənclər YAP-ın namizədlərinə səs verəcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Heydər Əsədovun ilk dəfə səs verəcək gənc seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov YAP sıralarında gənclərin böyük üstünlük təşkil etdiyini və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyətinin də gənclərdən ibarət olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir”.
Çıxış edən deputatlığa namizəd Heydər Əsədov bildirib ki, Azərbaycan gəncləri yüksək biliklərə, müasir dünyagörüşünə, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi formalaşır: “Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər”.
Görüşdə həmçinin vurğulanıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək. İlk dəfə səs vermək hüququ qazanmış gənclər də bu əlamətdar seçkilərdə fəal iştiraka dəvət olunub.
Sonra gənc seçicilərin sualları cavablandırılıb.