YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İnkişafın sarsılmaz təməlləri

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 2 saylı Şərur-Kəngərli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzovun Şərur rayonu, Siyaqut və Kosacan kənd seçiciləri ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşdə YAP Şərur rayon təşkilatının sədr müavini Adil Əhmədov Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında aparıcı rolundan danışıb. Qeyd edib ki, bu gün YAP cəmiyyət tərəfindən birmənalı olaraq quruculuq, sabitlik, inkişaf və rifaha rəvac verən partiya kimi tanınır.

A.Əhmədov parlament seçkilərinin xalqın YAP-a inamının növbəti ifadəsi olacağını əminliklə vurğulayıb.

Deputatlığa namizəd Siyavuş Novruzov görüş zamanı hüquqi və demokratik dövlət olan Azərbaycanda növbədənkənar parlament seçkilərinin əhəmiyyətindən, YAP-ın seçki platformasından, bu partiyanın ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan müvəffəqiyyətlərdən bəhs edib.

O, Azərbaycanın tarixi Zəfər qazandığını və bundan sonra da möhtəşəm uğurlara imza atacağını bildirib. S.Novruzov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışaraq deyib: “Hər hansı bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. YAP yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın tərəqqisinə öz töhfələrini verib. Əminliklə söyləmək olar ki, Yeni Azərbaycan Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də xalqın dəstəyi və etimadı əsasında növbəti möhtəşəm qələbə qazanacaq”.

Təşviqat qrupunun üzvü Seyfəddin Eyvazov, görüş iştirakçılarından Mehman Cəfərov və digərləri bildiriblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qələbə qazanmaqla yeni reallıqlar yaradıb, ölkəmiz həm də siyasi müstəvidə bu reallıqların beynəlxalq aləm tərəfindən qəbul edilməsinə nail olub.

Seçicilər, eyni zamanda, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının inkişafına böyük önəm verməsini məmnunluq və minnətdarlıq hissi ilə diqqətə çatdırıblar.

Görüş zamanı seçicilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.