Seçki-2024
Tərəqqi və Zəfər zirvəsi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının YAP Samux rayon təşkilatının qəraragahında Samux şəhər seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldib. Təşkilat sədri əminliklə vurğulayıb ki, nümunəvi inkişaf yolu xalqımıza yeni qələbələr bəxş edəcək.
Çıxış edən deputatlığa namizəd Mübariz Qurbanlı əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, bildirib ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycanın ən yeni tarixinə müstəqil dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi dövrü kimi həkk olunub, tarixi Zəfərimizin bünövrəsi qoyulub: “Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ölkəmizə misilsiz tarixi nailiyyətlər qazandırıb. Ən əsası, 30 ilədək Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası müasir dövlətçilik tariximizin şanlı səhifəsidir”.
M.Qurbanlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbir iştirakçılarından Ümid İsmayılov və digərləri çıxış ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi-iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.
Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.