Seçki-2024
“YAP-ın namizədlərinə səs verək”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 83 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Şahin İsmayılovun seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərov növbədənkənar parlament seçkiləri barədə danışdıqdan sonra bildirib ki, ölkəmizin siyasi sistemində aparıcı rola malik YAP bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə gedir.
Deputatlığa namizəd Şahin İsmayılov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün dövlətimizin başçısı, YAP-ın Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından bəhs edib: “ Ölkəmizin belə yüksək inkişaf tempi ilə irəliləməsində YAP-ın rolu danılmazdır. Ulu Öndər Heydər Əliyevin yaratdığı və inkişaf istiqamətlərini müəyyənləşdirdiyi YAP bütün fəaliyyətini xalqımızın maraqlarına uyğun şəkildə qurur və Azərbaycan dövlətçiliyinin inkişafına həsr edir”.
Tədbirdə seçki qərargahının üzvü Xəyalə Kərimova, Nazim Çıraqov və başqaları çıxış edərək seçiciləri Azərbaycanın bugünkü uğurlarına müvəffəq olan YAP-ın namizədlərinə səs verməyə dəvət ediblər.