Seçki-2024
Sumqayıt seçiciləri YAP-ın namizədlərini dəstəkləyir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnarə Akimovanın şəhər ağsaqqaları və ziyalıları ilə görüşü keçirilib.
Görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov son illər ərzində müstəqil, suveren Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək naliyyətlər, möhtəşəm qələbələr, böyük uğurlar qazandığını bildirib. R.Hüseynov yarandığı gündən keçirilən bütün seçkilərdə qələbələr qazanan YAP-ın uğurlarından bəhs edib.
Görüşdə çıxış edən deputatlığa namizəd Elnarə Akimova YAP-ın seçki proqramı haqqında danışıb. O, seçicilərin etimadını qazanacağı təqdirdə insanların fikirlərini, təkliflərini parlament tribunasından səsləndirəcəyini bildirib. E.Akimova ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlarda YAP-ın xüsusi imzası olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin Liderliyi, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub, tarixi reallıqlar Azərbaycan xalqının nə qədər doğru seçim etdiyini göstərir.
Çıxış edən namizədin vəkilləri seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri çıxış edərək uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Görüş zamanı seçicilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra Elnarə Akimova seçicilərlə məhəlli görüşlər keçirib.