Seçki-2024
Xalqın arzuları reallığa çevrilib
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 116 saylı Qəbələ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ədilə Əliyevanın YAP Qəbələ rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünyanın bütün dövlətləri tərəfindən təqdir edilir və yüksək qiymətləndirilir. Qeyd edib ki, bu gün Azərbaycanın dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir.
O, deputatlığa namizəd Ədilə Əliyeva haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Ədilə Əliyeva əvvəlcə YAP-ın seçki platforması barədə danışıb. Bildirib ki, Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra Avropa ölkələri üçün önəmli tərəfdaşdır: “Ölkəmiz beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik maraqları çərçivəsində beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir. Həmçinin müstəqil xarici siyasət aparan respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır”.
Tədbir iştirakçılarından Vüsal Məmmədov, Billurə Əzimova və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib.
Həmçinin deputatlığa namizəd Ədilə Əliyevanın Qəbələ şəhərinin S.Kərimova küçəsində seçicilərlə məhəlli görüşü keçirilib.